Həqiqi müdriklə tanış olmaq zamanıdır
Həqiqi müdriklə tanış olmaq zamanıdır:Sokratın məhkəmə nitqindən parçalar
Miladdan öncə, VI-V əsrlər insanlığın tarixində çox önəmli bir yer tutmaq haqqına sahibdir,çünki Budda,Lao Szu ,Sokrat kimi özünəməxsus insanlar bir-birilərindən xəbərsiz olsalar da məhz bu dövrdə yaşamışlardır.Bu bir təsadüf idi ya zəruriyyət,bunu bu gün demək mümkün deyil,amma dəyişməz fakt budur ki,Budda və Lao Szu Şərqin,Sokrat isə Qərbin ictimai-fəlsəfi fikrində bu günə qədər davam edən silinməz izlər buraxmışlar.Bu baxımdan, Sokrat öz fərqli şəxsiyyəti və düşüncəsi ilə diqqəti cəlb etməklə bərabər, həm də yaradıcılığının sadəcə parçalar halında bizə gəlib çatmasına baxmayaraq bu diqqətə layiq olduğunu sübut etməkdədir.Yaşadığı qədim Afinada günahsız yerə mühakimə olunmasına və öldürülməsinə qarşı göstərdiyi münasibətlə haqqında əfsanələrə səbəb olmuş bu qoca yunan filosofu “Bilirəm ki,heç nə bilmirəm,amma başqaları bunu da bilmirlər” aforizmi ilə həm qədim Yunanıstanda, həm də bütün dünyada məşhur olmuşdur. Sonralar “Sokrat metodu” adlanan metod ilə mübahisə etdiyi hər kəs üzərində üstünlük qazanan Sokrat onu gözü götürməyənlərin paxıllıqlarının hədəfi olmuş,“tanrıları təhqir etmək” və “gənclərin tərbiyəsini pozmaq” kimi saxta ittihamlarla mühakimə olunmuş və zəhər içirməklə ölməyə məhkum olunmuşdur.Amma qoca filosof bu qərarı mudrikliklə qarşılamış ,hətta qərara ağlayan həyat yoldaşının “Səni,günahsız yerə öldürürlər” sözünə “Nə danışırsan,günahım olduğu üçünmü öldürərdilər?!” deməklə özünəməxsus bir cavab vermişdir.Aşağıda Sokratın məhkəmədə söylədiyi nitqdən parçaları dilimizə tərcümə edib sizə təqdim edirik.Bu fikirlər bir həyatın son akkordları hesab olunacağı üçün həm də Sokrat müdrikliyinin zirvəsi olaraq da sizlərdə bu məşhur filosof haqqında qiymətli fikirlər yaradacaqdır:
“Afinalılar,
Məni ittiham edənlərin üzərinizdə hansı təsir buraxdıqlarını deyə bilmərəm.Ancaq mənə qarşı irəli sürülən ittihamlar o qədər inandırıcı idi ki,hətta mən də qulaq asarkən az qala özümün kim olduğunu unudacaqdım.
Ey Afinalılar,həqiqət budur ki,ancaq bir həqiqi müdrik vardır,o da Tanrıdır.Və Tanrı bu tapmacası ilə insan müdrikliyinin çox az şey ifadə etdiyini göstərməyi planlaşdırır.Bu işdə mənim adımı sadəcə misal olaraq istifadə edərək demək istəyir ki:”Ey insanlar ,sizin ən müdrikiniz Sokrat kimi heç nə bilmədiyini biləndir”
Bəlkə içinizdən bəziləri belə deyəcəklər:”Sokrat,səni ölüm cəzasına məhkum olmağa gətirib çıxaran bir həyat yaşamaqdan utanmırsanmı?”Onlara belə cavab verərəm: -Səhv edirsiniz.Heç bir şeyə dəyməyən bir insan belə həyatını yaşamaq və ya ölmək ehtimallarını hesablamaqla keçirtməməlidir.Düşünməsi lazım olan tək şey,etdiyi əməlinin yaxşı yoxsa pis olduğudur,yəni, yaxşı insan kimi ,yoxsa pis insan kimi yaşadığıdır.
Heç kəs başa gələ biləcək ən pis şey sayılan ölümün bəlkə də yaxşılıq olduğunu bilə bilməz.Bu məlumatsızlıq,yəni insanın bilmədiyi bir şeyi bildiyini zənn etməsi aşkar bir cəhalət deyilmidir?…
..Əgər bir adam hər şeyi edəcək və söyləyəcək qədər gücsüzsə hər təhlükə qarşısında ölümdən qaçmaq üçün saysız yol tapa bilər.Çətin olan ölümdən qaçmaq deyil,haqsızlıq və pislik etməkdən qaçmaqdır..Sizin istədiyiniz kimi danışıb yaşamaqdansa,öz istədiyim kimi danışıb ölməyi üstün tuturam.
İnsanları öldürərək yaşadığınız pis həyata görə qınaqlardan qurtulacağınızı hesab edirsinizsə yanılırsınız.Bu nə mümkün,nə də şərəfli yoldur.Əsl ləyaqətli yol,başqalarını susdurmaq deyil,özünüzü mümkün olduğu qədər düzəltməkdir…
Amma niyə,əziz dostum Krito,adi insanların düşüncələrinə bu qədər önəm verirsən? Vacib olan həqiqi düşüncəli insanların fikirləridir.Onlar həqiqətləri olduqları kimi qəbul edirlər..
…Müharibələr,çarpışmalar,ayrılıqlar nədən irəli gəlir?Bütün müharibələr pul üçün edilir,pul isə bədən üçün, ona kölə kimi qulluq etmək üçündür.
…Və ölümün yaxınlaşmağından şikayət edən bir insan görsəniz bilin ki,bu onun müdrikliyindən yox, bədənə ya pula və ya hər ikisinə aşiq olmasından qaynaqlanır.
Ancaq bir qorxu,zövq və ya əzabı bir başqa qorxu ,zövq və ya əzaba, sanki bunlar qəpik pullarmış kimi dəyişmək əxlaq ölçüsünə görə düzgün bir mübadilə demək deyildir.Sevgili dostum Simias,bütün bunları deyişmək üçün sadəcə bir pul yoxmudur? Bu müdriklikdir.Sadəcə onunla həqiqi cəsarətə,ölçüyə və ədalətə yetişərik…
..Deməli,ruhun ölümsüzlüyü açıq –aşkar məlum olduğuna görə, onun üçün həqiqi əxlaqlılıqdan və müdriklikdən başqa qurtuluş yoxdur.Çünki ruhun o biri dünyaya səyahəti zamanı yanında apara biləcəyi tək şey təlim və tərbiyədir.
Son olaraq,həyatını dindarlıq və yaxşılıqla keçirən insanlar bu dünyəvi həbsxanadan qurtulub yuxarıdakı təmiz və saf evlərinə gedib orda məskunlaşarlar…
Afinalılar!
Övladlarım böyüyəndə əxlaqdan çox var-dövlətə və başqa şeylərə maraq salsalar mənim sizinlə məşğul olduğum kimi,siz də onlarla məşğul olun.Onları xəbərdar edin.Önəm vermələri gərəkən şeylərə önəm verməzlərsə,bir heçlik olduqları halda özlərini böyük bir şey hesab edərlərsə, mən sizi necə danlamışamsa siz də onları o cür danlayın.
Artıq ayrılmaq vaxtı gəldi.Yolumuza gedək.Mən ölməyə,siz isə yaşamağa..Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz.”
Bir cavab yazın