Xaşxaşilər və İranın molla rejimi
16 oktyabr 1092-ci ildə Böyük Səlcuqlu dövlətinin baş vəziri, görkəmli dövlət xadimi Nizamülmülk özünü şikayətçi sufi dərviş kimi təqdim edən bir şəxsi çadırında qəbul edərkən həmin şəxs tərəfindən xaincəsinə öldürüldü. Beş il sonra, 1097-ci ilin avqust ayında Səlcuqlu sərkərdəsi Barsuk sui-qəsdlə öldürüldü.1106-cı ildə Nizamülmülkün oğlu, Səcuqlu vəziri Fəxrülmülk yenə bir süi-qəsdçi tərəfindən öldürüldü.1113-cü ildə Səcuqluların Mosul valisi Altuntəgin sui-qəsdlə öldürüldü.
Bu siyahı beləcə uzanıb gedir.Bəs bu sui-qəsdlərin əmrini kim vermişdi?Nizari təriqətinin başçısı, özünü qatı şiə kimi təqdim edən,İranın şimalındakı qalalarda möhkəmlənib ətrafına sui-qəsdçilər ordusu toplamış məşhur Həsən Səbbah. Bu həmin Həsən Səbbahdır ki,əvvəllər şiəliyin İsmayılı qoluna mənsub olsa da, daha sonra Nizariliyə meyl etmiş,tabe olduğu Misir Fatımi xəlifəsinə qarşı qiyam edərək İranın şimalında Nizari dövləti qurmuş,Böyük Səlcuqlu dövlətini daxildən dağıtmağa çalışmışdır.İranın Deyləm və Mazandaran vilayətlərindəki dağlarda keçilməz qalalarda məskunlaşan Həsən Sabbah və tərəfdarlarının əsas iqamətgahı Ələmut qalası idi.İtalyan səyyahı Marko Polo yazır ki, Həsən Səbbah bu bölgədə yaşayan sadəlövh gənc insanları tora salıb Ələmuta gətirir, qalanın içində saldırdığı Cənnəti xatırladan bağçada bir neçə gün yaşamasına icazə verirdi.Bu saxta Cənnətdə hər cür ağaclar, güllər-çiçəklər, quşlar,heyvanlar var imış. Huriləri təmsil edən gözəl qızlar ətrafda gəzib dolaşırmış.”Cənnət bağçasına” girən gənclərə xaşxaş qatılmış xüsusi içki də verilirmiş.Bir neçə gündən sonra bu gəncləri saxta Cənnət bağçasından çıxardıb Həsən Səbbahın yanına gətirirmişlər və bu “Cənnət”ə bir də qayıtmaq istəyirsə hansısa dövlət xadimini sui-qəsdlə öldürmək lazım olduğunu tapşırırmışlar.Xaşxaşdan beyni bulanmış, gördüyü “Cənnət” mənzərəsindən təsirlənmiş gənclər bir daha həmin bağçaya qayıtmaq arzusu ilə ən çətin sui-qəsdlərin öhdəsindən gəlirmişlər, ya da bu yolda canlarını verirmişlər. Tarixi mənbələrə görə Həsən Səbbah və ondan sonra gələn təriqət başçılarının əmri ilə xaşxaşilər 76 uğurlu sui-qəsd törətmişdirlər.Üstəlik. qurbanları sadəcə sünni dövlət xadimləri deyil,həm də xaşxaşilərə qarşı çıxan şiə alimlər də olmuşdur.
Xaşxaşiləri xatırlatmağımız təsadüfi deyil.Çünkü vaxtilə xaşxaşilərin yuvası olan yerlərdə indi İran İslam Respublikası var.Xaşxaşi metodlarları ilə insanları aldadıb tora salan,narkotik vasitələrin alüdəçisinə çevirən,onları cinayət törətməyə məcbur edən molla rejimi yenə İslam dininin adından, yenə şiəlikdən,yenə İmam Əlinin,İmam Hüseynin adından istifadə edir.İkinci Qarabağ müharibəsində Ermənistana açıq silah yardımı göstərən, ardından Zəngəzur dəhlizini bəhanə edərək Azərbaycana qarşı teror hücumları təşkil edən molla rejimi Həsən Sabbah və xaşxaşilərin davamçısı olduğunu bütün dünyaya bir daha nümayiş etdirir.Tehrandaki Azərbaycan səfirliyinə terror hücümu məhz xaşxaşi əməlidir,deputat Fazil Mustafaya qarşı sui-qəsd xaşxaşi əməlidir.Bu xaşxaşi əməlləri belə görünür ki,hələ çox davam edəcək.
Son günlər Türkiyədə seçki marafonuna start verilməsi,İsrail və Pakistanda daxili hərc-mərcliyin baş qaldırması, Çinin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmağa başlaması, həmçinin,Ukraynada “bataqlığa” saplanıb qalan, İrandan silah almaq məcburiyyətində olan Rusiyanın çətin vəziyyətindən istifadə edib regionda əl-qolu açılan İran Azərbaycana qarşı yeni təxribatlar hazırlamaq niyyətindədir.
Tarixlə maraqlananlara Ələmut qalasının və xaşxaşilərin sonrakı taleyini də xatırlatmaq istəyirəm.Həmin dövrdə İslam dünyasına təfriqə salan bu təriqətin əməlləri nəticəsində Səlcuqlu dövləti daha da zəiflədi və parçalandı.İslam dünyasının zəifləməsi nəticəsində şamanist monqollar Hülakü xanın rəhbərliyi ilə gəlib bütün bölgəni işğal etdilər.Ancaq taleyin ironiyasına baxın ki,bu işğal xaşxaşilərdən də yan keçmədi.Hülakü xan Ələmutu tutub dağıtdı, içindəki xaşxaşiləri öldürdü, saxta Cənnətlərini də xarabaya qoydu.Xaşxaşilər isə sufilik maskası altında gizlənib gizlincə fəaliyyət göstərməyə,İslam dünyasında təfriqə yaymağa davam etdilər.
Artıq bugün şübhə yoxdur ki,xaşxaşilərin əqidəsi İrandakı mollaların əqidəsinə çevrilib.Yəni yüzillərlə gizli yaşayan xaşxaşilər artıq İranda özlərini gizlətməyə ehtiyac duymurlar.Amma unutmasınlar ki,belə davam etsə yeni bir Hülakü xanın orduları ilə gəlib Ələmutu yenidən dağıdacağı gün o qədər də uzaqda deyil.
Bir cavab yazın